27.11.2021

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə "Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır" mövzusunda maarifləndirici tədbir keçirilib

Qazax Rayon İcra Hakimiyyəti, Qazax Rayon Təhsil Şöbəsi və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə "Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır" mövzusunda maarifləndirici tədbir keçirilib.

Qazax RİH başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Rayon Polis Şöbəsi rəisinin əməliyyat işləri üzrə müavini polkovnik-leytenant Rəşad Abdullayev, Rayon Polis Şöbəsinin narkotiklə mübarizə qrupunun inspektoru, polis mayoru Hikmət Nəsibov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Rayon Təhsil Şöbəsinin məsul işçisi Donara Həsənova, narkoloq-həkim Nahidə Osmanovanın iştirak etdiyi tədbirdə respublikamızda narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən söz açılıb.

Məktəbin direktoru Murğuz Mustafayev tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Zərərli vərdişlərlə mübarizədə bu cür maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq yeniyetmələri sağlam həyat tərzi keçirməyə, faydalı bilik və bacarıqlar öyrənməyə çağırıb. 

Tədbirdə çıxış edənlər narkomaniyanın səbəb olduğu ağır fəsadlardan, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis orqanları tərəfindən aparılan qətiyyətli mübarizədən və əldə olunan nəticələrdən danışıblar. Narkomaniya əleyhinə aparılan tədbirlərin hazırda aktual xarakter daşıdığını, yeniyetmə və gənclər üçün təşkil olunan belə görüşlərin əhəmiyyətini qeyd ediblər. Diqqətə çatdırılıb ki, bu gün polis əməkdaşları maarifləndirmə tədbirlərinə böyük önəm verməklə yeniyetmə və gənclərin gələcəkdə ağ ölümün pəncəsinə düşməməsi üçün səylərini davam etdirir. Çıxış edənlər gələcəyin qurucuları olan məktəbli və tələbələrin bu məsələdə daha həssas olmalı, zərərli vərdişlərə meyil etməmələrini, həmin vərdişlərdən uzaq durmalı olduqlarını tövsiyə ediblər.

Tədbirdə həmçinin "Narkomaniya bəşəriyyətin bəlası" adlı vidioçarx nümayiş olunub. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb, iştirakçılara maarifləndirici bukletlər təqdim edilib.


Açar sözlər: ,  ,