19.05.2021

Qazaxda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yeni məktəb binası tikilir

Hazırda Dövlət Proqramında tikintisi nəzərdə tutulan Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həmin məktəbin həyətində 220 şagird yerlik yeni bina inşa olunur.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı və icra aparatının məsul şəxsləri ilə birlikdə Sarıvəlli kənd tam orta məktəbində olub, görülən işlərlə maraqlanıb.

Görülən işlər haqda məlumat verən iş icraçısı Elnur Verdiyev yeni tikilən məktəbdə işlərin sürətlə davam etdirildiyini qeyd edib. O, 1967-ci ildən əsası qoyulan kənd məktəbi üçün yeni inşa edilən binada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacağını bildirib. Qeyd edib ki, ötən ilin yanvar ayından tikintisinə start verilən məktəb binası zirzəmisi olmaqla 2 mərtəbədən ibarətdir. Məktəbdə həcmi 25 kubmetr olan içməli su anbarı, həcmi 120 kubmetr (hər birinin həcmi 60 kubmetr olan 2 ədəd) olan yanğından mühafizə üçün su anbarı, su nasosu stansiyası, qazanxana, idman zalı, akt zalı, yeməkxana və oyun meydançasının inşa edildiyini də diqqətə çatdırıb.

Məktəbin müəllim-şagird kollektivi, valideynlər, kənd sakinləri yeni binanın inşasına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bu gün də minnətdarlıq edir, razılıqlarını bildirirlər.


Açar sözlər: ,