18.02.2020

Qazaxda “Ömrün payızı” adlı tədbir keçirilib

Bütün dünyada ziyalılar yurdu və Qərbin qapısı sayılan Qazaxda təhsil sahəsi, bu sahəni layiqincə təmsil edən, müəllim adını şərəflə daşıyan insanlara hər zaman diqqət, qayğı, böyük hörmət və ehtiram olub.

Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin rayon məktəblərindən təqaüdə çıxmış müəllimlərlə görüş keçirməsi, Mərkəzin dərnək üzvləri olan körpə fidanların dilindən müəllimlərimizin ünvanına söylənilən dəyərli fikirlər, xoş sözlər bunu bir daha sübut edib. "Ömrün payızı” adlı tədbirdə körpə fidanların müəllim adını şərəf və hörmətlə daşıyan ziyalılarımız haqqında söylədikləri fikirlər bir daha onu göstərib ki, müəllim əməyi heç vaxt itmir, əksinə illər ötdükcə müəllim öz əməyinin bəhrəsini görür.

S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin akt zalında təşkil olunan tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Rayon Təhsil şöbəsinin əməkdaşları, məktəb direktorları, şəhər və kənd məktəblərindən təqaüdə çıxmış müəllimlər, UGİM-nin dərnək rəhbərləri və üzvləri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq müəllimləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Veteran müəllimlərə cansağlığı, uzun ömür arzu edib, onların şərəflə keçdiyi ömür yolunun bu gün gənc müəllimlər üçün örnək olduğunu qeyd edib. "Özümə borc bildim ki, bugünkü görüşdə iştirak edim”, - deyən icra başçısı fəaliyyətə başladığı ilk gündən təhsil sahəsinə xüsusi diqqət ayırdığını, müəllim adının, peşəsinin onun üçün hər zaman ən yüksək zirvədə dayandığını bildirib. Keçirilən tədbirin əhəmiyyətindən danışan rayon rəhbəri qeyd edib ki, "Ömrün payızı” adlı bu tədbir onu göstərir ki, Qazaxda bütün sahələrlə yanaşı təhsil sahəsi, bu sahədə çalışan insanlar həmişə diqqət mərkəzində olub və bundan sonra da olacaq. İcra başçısı ömrünü, həyatını müstəqil Azərbaycanın parlaq gələcəyi naminə savadlı gənclər yetişdirməyə sərf edən, Vətən, xalq üçün layiqli vətəndaşların formalaşmasında böyük əməyi olan müəllimlərin hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarını vurğulayıb. "Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər Heydər Əliyevin bu dəyərli fikrinə bu gün onun layiqli davamçıları ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən hər zaman hörmətlə yanaşıldığını qeyd edib. Ölkəmizdə təhsil sahəsinin inkişafı istiqamətində məqsədyönlü işlər görüldüyünü, istər müəllimlərin, istərsə də şagirdlərin yüksək şəraiti olan təhsil ocaqlarında elmlə məşğul olmaları üçün hər cür şərait yaradıldığını bildirib. "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində respublikamızın bölgələrində inşa olunan çoxsaylı məktəbləri, təhsil ocaqlarını bu sahəyə olan ən böyük qayğı kimi qeyd edib. Qazaxda da bu layihənin uğurla icra edildiyini bildirən icra başçısı bunun bariz nümunəsi olaraq ilin əvvəlində 964 şagird yerlik S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsini, daha sonra "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salınmasını, Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı tikintisini, 220 şagird yerlik Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün yeni binanın inşa olunmasını, Təhsil Nazirliyi tərəfindən 180 şagird yerlik Qaymaqlı kənd tam orta məktəbi üçün yeni binanın tikilməsini göstərib. 

İcra başçısı Respublika Prezidentinin müvafiq Sərəncamları ilə hər il təhsilin inkişafındakı xidmətlərinə görə təhsil işçilərinə "Əməkdar Müəllim” fəxri adının verilməsini, "Tərəqqi” medalı ilə təltif edilməsini təhsil sahəsinə və ziyalılara verilən ən yüksək qiymət kimi dəyərləndirib.

Sonda tədbirin ərsəyə gəlməsində əməyi keçən insanlara minnətdarlığını bildirən icra başçısı bu cür görüşlərin böyük əhəmiyyət daşıdığını bir daha vurğulayıb, müəllimlərə ən səmimi arzularını çatdırıb.

Rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Rasim Carçıyev çıxış edərək müəllimləri salamlayıb, bu cür tədbirlərin keçirilməsini müəllim əməyinə verilən qiymətin daha bir nümunəsi kimi göstərib. O, qeyd edib ki, Ümummilli Llider Heydər Əliyevin müəlimlər haqqında söylədiyi "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq. Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini - uşaqların tərbiyəsini yalniz ona etibar edir” fikri müəllimə verilmiş ən gözəl tərifdir. Doğrudan da, cəmiyyətin qurucusunu, onu idarə edənləri fəhləni, mühəndisi, baytarı, alimi, həkimi və s. - hər kəsi tərbiyə edən müəllimdir. Ona görə də müəllimlik ən şərəfli, məsuliyyətli, çətin və müqəddəs peşədir.

Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova çıxış edərək öncə rayon rəhbərliyinə və müəllimlərə dəvətlərini qəbul edib tədbirdə iştirak etdiklərinə görə rəhbərlik etdiyi kollektiv və dərnək üzvləri adından minnətdarlığını bildirib. Qeyd edib ki, Mərkəz olaraq əsas fəaliyyətimiz tədbirlər, görüşlər təşkil etməkdir. Eyni zamanda "Heç kim unudulmur, heç nə yaddan çıxmır” kəlamını əldə rəhbər tutaraq bu cür görüşləri ənənə halına çevirməkdir. "Ömrün payızı” adlı bugünkü tədbirdə çatdırmaq istədik ki, müəllimlərə olan hörmət, ehtiram sonsuz və tükənməzdir. Ağsaqqal və ağbirçək tövsiyəsinə hər zaman ehtiyac olub və bundan sonra da olacaq.

Təqaüddə olan riyaziyyat müəllimi Rəfiqə Məmmədova və rus dili müəllimi Kifayət Xəlilova çıxış edərək bugünkü görüşə, onlara göstərilən diqqət və qayğıya görə əməyi keçən insanlara müəllim yoldaşları adından minnətdarlıqlarını bildiriblər. İstər dövlət başçısı, istərsə də rayon rəhbərliyi tərəfindən müəllim əməyinə həmişə yüksək qiymət verildiyini, onların hər zaman qayğı ilə əhatə olunduqlarını qeyd ediblər. Bugünkü görüşü də həmin qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.

Sonra Mərkəzin dərnək üzvləri olan şagirdlərin ifasında müəllimə həsr olunmuş şeirlər, mahnılar, hikmətli sözlər səslənib, səhnəcik nümayiş olunub.

Aşıq Saqif Məzəmli də veteran müəllimləri saz havası ilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb.

Tədbirdə Mərkəzin dərnək üzvlərinin əl işi olan Qazaxın ünvanını bildirək Obelisk şəhər 2 nömrəli tam orta məktəbin kollektivinə hədiyyə olunub. Məktəbin direktoru Murğuz Mustafayev hədiyyəni qəbul edərək bu cür tədbirlərin keçirilməsi üçün hər zaman ev sahibliyi etməyə hazır olduqlarını və belə tədbirləri yüksək qiymətləndirdiklərini vurğulayıb.