12.11.2019

Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin şagirdləri də 9 Noyabr – Dövlət Bayrağı Gününü böyük təntənə ilə qeyd edib

Üçrəngli bayrağımız Azərbaycanın müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərimizdən biridir. Dövlət bayrağı ölkəmizin hər bir vətəndaşı tərəfindən müqəddəslik, azadlıq və qürur mənbəyi kimi qəbul olunur. Müqəddəs bir varlıq kimi üçrəngli bayrağımıza and içirik. Məhz bu səbəbdən 9 Noyabr – Dövlət Bayrağı Günü ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Respublikamızın hər yerində olduğu kimi Qazaxda da bu əlamətdar gün münasibətilə silsilə tədbirlər keçirilir.

Qaratel Hacımahmudovanın adını daşıyan şəhər ümumi orta məktəbin kollektivi də 9 Noyabr – Dövlət Bayrağı Gününü böyük ruh yüksəkliyi və coşqu ilə qeyd edib.

Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda təşkil olunmuş bayram tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, məktəb direktorları, məktəbin müəllim-şagird kollektivi iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir açıq elan olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, xoş arzularını çatdırıb. Hər bir millətin bayrağının onun milli kimliyini, dilini, mədəniyyətini, dini-mənəvi əxlaqını, ideologiyasını ifadə etdiyini qeyd edən rayon rəhbəri ölkəmizdə bayrağa olan hörmət və ehtiramın hər zaman yüksək səviyyədə olduğunu bildirib. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən bayrağa verilən qiymətin, dəyərin hər zaman şahidi olduğumuzu diqqətə çatdırıb.

Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü çıxış edərək əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. Sonra məktəblilər milli suverenliyimizin simvolu olan üçrəngli bayrağa həsr olunmuş şeirlər səsləndirib, mahnılar oxuyublar.


Açar sözlər: ,  ,