12.11.2019

“Hüquqi dövlətin əsasları” adlı olimpiadanın qalibləri mükafatlandırılıb

Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarında məktəblilər və tələbələr arasında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin təşkilatçılığı, Təhsil Nazirliyi və adları çəkilən rayonların İcra Hakimiyyətlərinin dəstəyi ilə keçirilən 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş "Hüquqi dövlətin əsasları” adlı olimpiada uğurla başa çatıb.

Noyabrın 8-də Şəmkir rayonunda olimpiada qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Konstitusiya Məhkəməsinin Konstitusiya Hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova bütün qalibləri təbrik edərək gələcək işlərində uğurlar arzulayıb. Olimpiadanın yüksək səviyyədə başa çatmasında göstərdiyi dəstəyə görə Rayon İcra Hakimiyyətlərinin rəhbərliyinə, əməyi keçən insanlara minnətdarlığını bildirib.

Mükafatlandırma mərasimində iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova bu cür olimpiadanın təşkilinə, məktəblilərin, eləcə də tələbələrin hüquq sahəsində biliklərinin artırılması istiqamətində həyata keçirilən layihəyə görə təşkilatçılara təşəkkürünü çatdırıb və bu cür olimpiadaların keçirilməsini yüksək qiymətləndirib.

Məlumat üçün qeyd edək ki, olimpiadada rayonun 7 məktəbinin – S.Əfəndiyev adına şəhər 1 nömrəli, S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəblərin, M.Hüseyn adına məktəb-liseyin, V.Göşşüyev adına Çaylı kənd 1 nömrəli və E.Cəfərov adına Çaylı kənd 2 nömrəli, A.Əmilov adına Daş Salahlı kənd 1 nömrəli və Ş.Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəblərin hər birindən 20 nəfər X sinif şagirdləri, Bakı Dövlət Universitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri (7 qrup, hər qrupda 15 nəfər tələbə) iştirak edirdi.

Gənclər arasında hüquqi mədəniyyətin və biliklərin inkişafı, Azərbaycan Respublikası Konstitusiyasının əsasları və mahiyyətinin daha dərindən öyrənilməsi məqsədilə təşkil olunan olimpiadada şagirdlərə və tələbələrə Azərbaycan Respublikası Konstitusiyasını əhatə edən 50 sual təqdim olunub.

Məktəblər üzrə S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəb I yerə çıxaraq olimpiadanın qalibi adını qazanıb. Məktəbin şagirdlərindən Tamər Musalı, Fidan Eyubova, Mehriban Miralı, Bahar Musayeva, Aygün Əmrahzadə, Məhəmmədəli Quluyev fərqləniblər. E.Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəb isə II yerə layiq görülüb. Məktəbin şagirdlərindən Nəcəfova Anarə Vasif qızı dörd rayon üzrə məktəblər arasında keçirilən olimpiadada 98 balla ən yüksək nəticəni göstərək I yeri tutub. Digər şagirdlərdən Aybəniz Nuruyeva və Nuranə Nuruyeva da həmyaşıdları arasında fərqləniblər. Olimpiadanın üçüncüsü isə S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəb olub. Şagirdlərdən Səbinə Kosayeva və Nəsibə İsayeva da olimpiada iştirakçıları arasında fərqlənməyi bacarıblar. A.Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin şagirdi Nəzrin Aşırova da olimpiadanın Diplomunu qazanmağı bacarıb.

Tələbələr arasında təşkil olunan olimpiadanın qalibləri də bəlli olub. Bakı Dövlət Universiteti Qazax filialının tələbələrindən Kamil Müvəssəqi, Nərmin Qurbanlı, Şaban Niftalıyev və Hətəm Carçılı göstərdikləri nəticələrə görə öz tələbə yoldaşlarından seçiliblər. Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri Şəbnəm Yusifzadə, Tovuz Heydərova və Nəsif Əhmədov da bilik nümayiş etdirərək təhsil aldıqları kollecə Hüquq kubokunu qazandırıblar. Bütün qaliblərə Diplomlar, kuboklar və içərisində müxtəlif ləvazimatlar olan çantalar təqdim olunub.