12.11.2019

Qazaxda məktəblərdə keçirilən səyyar psixoprofilaktik tədbirlər uğurla davam etdirilir

Hər kəsə yaxşı məlumdur ki, bütün sahələrlə yanaşı son illər ölkəmizdə Respublika Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində görülən işlər də daim diqqət mərkəzində saxlanılır. Dövlət başçısının 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi, növbəti 5 illik Dövlət Proqramının icrası ilə əlaqədar hazırlanmış Tədbirlər Planı bu sahədə həyata keçirilən işlərin əyani sübutudur.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Dövlət Proqramının icrası ilə əlaqədar hazırlanmış tədbirlər planında əksini tapan məsələlərlə bağlı məqsədyönlü işlər həyata keçirilir. Qazax RİHB aparatı yanında fəaliyyət göstərən "Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın və Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2019-cu il üçün iş planı”na müvafiq olaraq oktyabrın 14-dən etibarən Qazax rayonu üzrə şəhər, kənd tam orta məktəblərində, eləcə də ali və orta ixtisas təhsil müəssisələrində səyyar psixoprofilaktik tədbirlərin keçirilməsi də bu sahədə görülən işlərdəndir. 

Həmin iş planına əsasən "Narkomanlıqla bağlı hüquqpozmalara meylli olan yetkinlik yaşına çatmayanların və gənclərin yaşayış yerləri, işlədiyi və təhsil aldığı inzibati ərazilər üzrə yerli icra hakimiyyəti, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi", "Ali və orta ixtisas təhsil müəssisələrində, narkotiklərin və narkomanlığın cəmiyyətə, insanların sağlamlığına ziyanı” barədə təbliğat aparılması, tələbələrin və şagirdlərin antinarkotik dünyagörüşünün formalaşdırılması, "Narkotiklərdən zərər çəkmiş uşaqların fərdi reabilitasiyasının və cəmiyyətə reinteqrasiyasının həyata keçirilməsi” ilə bağlı təşkil olunmuş tədbirlərdə məktəblilərə qeyd olunan mövzu barədə geniş maarifləndirici məlumatlar çatdırılır.

Növbəti psixoprofilaktik tədbirlər Ş.Şahvələdov adına Xanlıqlar, M.Dilbazi adına Cəfərli, R.Mirzəliyev adına Alpout, Y.Mirzəyev adına Quşçu Ayrım, S.Həsənov adına Bala Çaylı, S.Nəsirov adına Ürkməzli, E.Qurbanov adına Dəmirçilər, İ.Nəsibov adına Aşağı Əskipara tam orta məktəblərində, K.Kərimov adına Fərəhli kənd ümumi orta məktəbində təşkil olunub. Həmişə olduğu kimi bu görüşlərdə də şagirdlərlə narkomaniya və onun fəsadları, erkən nikah və onun cəmiyyət üçün yaratdığı fəsadlar, yol hərəkəti qaydaları haqqında, antisosial mühitdən necə qorunmağın yolları barədə maarifləndirici söhbətlər aparılıb.

Tədbirdə iştirak edən Qazax RİHBA-nın aparıcı məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Təranə Səmədova, Qazax Rayonlararası Psixiatriya Xəstəxanasının narkoloqu Nahidə Osmanova, Rayon Polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi, polis mayoru Amil Budaqov, istintaq bölməsinin baş müstəntiqi, polis mayoru Ülvi Bayramov, KHP-nın baş inspektoru, polis kapitanı Vüsal Hüseynov, müstəntiq Yunis Quliyev, yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor Ramil Sadıqov, DYPB-nin inspektoru, polis kapitanı Elxan Əhmədov, rayon Prokurorunun köməkçisi Tərlan Kərimov, ictimai təhlükəsizlik bölməsinin polis sahə və əməliyyat müvəkkilləri mövzu ətrafında dolğun məlumatlar çatdırıb, dövlət tərəfindən bu sahə ilə bağlı aparılan mübarizə yollarından danışıblar.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb. Məktəblilər tərəfindən hazırlanmış "Narkomaniyaya yox deyək” başlıqlı kompozisiya və səhnəciklər nümayiş olunub.


Açar sözlər: ,  ,