14.09.2019

Qazaxlı məktəblilər artıq 3 ildir ki, bu ənənəni davam etdirirlər

Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 280-dən artıq şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Qazaxda igid oğul və qızlarımızın xatirəsi hər zaman əziz tutulur.

2017-ci ildə isə yeni dərs ili ərəfəsində Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təşəbbüsü ilə Qazaxda daha bir ənənənin əsası qoyuldu. Qərara alındı ki, məktəblilər hər yeni dərs ilinə Şəhidlər xiyabanını ziyarətlə başlasınlar. Bu ənənənin əsasının qoyulmasında əsas məqsəd böyüməkdə olan gənc nəsildə milli vətənpərvərlik ruhunu daha da inkişaf etdirmək, məktəblilərin mübariz ruhda tərbiyə olunmasını təmin etməkdir.

Rayon rəhbərliyi tərəfindən əsası qoyulan həmin ənənə bu il də davam etdirilib. RİHB Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil işçiləri, onbirinci və birinci siniflərdə təhsil alan şagirdlər, müəllimlər, ziyalılar, ağsaqqallar Şəhidlər xiyabanında şəhidlərin əziz xatirəsini yad edib, memorial önünə gül dəstələri düzüblər.

Şəhidlərin ruhuna fatihə surəsi oxunduqdan sonra əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev giriş sözü ilə çıxış edərək bütün tədbir iştirakçılarını salamlayıb, yeni tədris ilinin başlanması münasibətilə müəllim və şagirdləri, valideynləri təbrik edib, ən səmimi arzularını çatdırıb. Bildirib ki, artıq 3 ildir ki, biz bu müqəddəs məkanı ziyarət edirik. Vətən uğrunda canından keçək igid və mərd oğullarımızı, qızlarımızı bu gün burada bir daha yad etməklə şəhidlərə olan ehtiramımızı bildiririk. Bu müqəddəs məkanı ziyarət etməklə, Vətənə, xalqa, dövlətə sadiqliyimizi nümayiş etdirməklə yanaşı, şəhidlərimizə olan mənəvi borcumuzu qaytarırıq. Çünki şəhidləri yad etmək, onların xatirəsini anmaq hər bir insanın vətəndaşlıq borcudur. M.Alıyev qeyd edib ki, 3 ildir ki, davam etdirilən ənənənin əsas məqsədi Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin keçdiyi ömür yolunu bugünkü gənc nəslə nümunə göstərmək, hər bir gəncə mərd və mübariz böyüməli, Vətənin müdafiəsinə hər an hazır olmalı, əgər lazım gələrsə öz canından keçməyi belə bacarmalı olduğunu çatdırmaqdır. Ənənə halını alan bu tədbir hər bir uşaq və yeniyetmənin yaddaşında əbədi iz qoyacaq, onların qəlbində Vətənə məhəbbət və şəhidlərə ehtiram hissini daha da artıracaq.

Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə təbriklərini çatdırıb, bütün təhsil işçilərinə uğurlar arzulayıb. Yeni tədris ilində məktəblərdə keçiriləcək vətənpərvərlik tədbirlərinə məhz bu müqəddəs məkanı ziyarətlə start verildiyini diqqətə çatdırıb. Builki nəticələr barədə məlumat verən N.Babanlı 2018-2019-cu tədris ilində Qazax rayonunun ümumtəhsil məktəblərini bitirən 701 məzundan 488 nəfərin ali və orta ixtisas məktəblərinə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verdiyini bildirib. Həmin məzunlardan 305 nəfərin dövlət ali məktəblərinə, 14 nəfərin isə xüsusi təyinatlı ali məktəblərə qəbul olduğunu qeyd edib. Cari ilin məzunlarından 319 nəfər, əvvəlki illərin məzunlarından 16 nəfər olmaqla cəmi 335 nəfərin tələbə adını qazandığını vurğulayıb. Məzunlardan 113 nəfərin orta ixtisas təhsil müəssisələrinə daxil olduğunu diqqətə çatdırıb. Ali təhsil müəssisələrinə daxil olan gənclərdən 15 nəfərin 600 baldan, 33 nəfərin isə 500 baldan yüksək nəticə göstərdiyini bildirib. Həmçinin ali məktəbə qəbul olan abituriyentlərdən 110 nəfərin Bakı Dövlət Universitetinin tələbəsi adını aldığını qeyd edib.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, "Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədr müavini Xasay Balayev, birliyin üzvü Nüsrət Musayev çıxış edərək vətənpərvərlik ruhunda olan belə əhəmiyyətli tədbirin keçirilməsinə, bu cür ənənənin yaşadılmasına və rayonun şəhidlərinə verdiyi yüksək dəyərə görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün rayon sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Şəhidlər xiyabanının belə yüksək səviyyədə yenidən qurulmasına və bu gün rayon ictimaiyyətinin ixtiyarına verilməsinə görə sonsuz təşəkkürlərini çatdırıblar. Qeyd ediblər ki, bu gün bir şəhid ruhunu şad etməklə, minlərlə şəhid ruhlarını şad etmiş oluruq. Bu müqəddəs məkanda qazaxlı şəhidlərin timsalında bütün şəhidlərimizə olan ehtiramımızı nümayiş etdiririk. Çıxış edənlər Bilik Günü ərəfəsində bu cür tədbirin keçirilməsinin körpə balaların vətənpərvər ruhda tərbiyə olunmasında, Vətən, xalq, dövlət naminə əsl vətəndaş kimi formalaşmasında böyük rol oynadığını qeyd ediblər. Hər kəsə nümunə olacaq belə tədbirlərin davamlı olmasını, bu ənənənin daim yaşadılmasını arzulayıblar.

Şəhid anası Tamella Süleymanova, şəhidin həyat yoldaşı Kifayət Mustafayeva çıxış edərək şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə, rayon rəhbərinə şəhid ailələri adından minnətdarlıqlarını çatdırıblar. Qeyd edib ki, bugünkü tədbir bir daha onu sübut edir ki, torpaqlarımız uğrunda canından keçən Vətən oğulları, şəhidlərimiz unudulmur, onların əziz xatirəsi mütəmadi olaraq yad edilir və onlar bütün Azərbaycan xalqının qəlbində yaşayır. Bu tədbir onu göstərir ki, dövlətimiz və dövlət başçımız, rayon rəhbərliyi tərəfindən şəhidlərimizə olan hörmət bundan sonra da yüksək səviyyədə olacaqdır.

Yeni dərs ili ərəfəsində məktəblilərin şəhidləri yad etməsi, 2 il öncə əsası qoyulan ənənənin bu il də davam etdirilməsi məktəblilər, onların valideynləri, şəhid ailələri, müəllimlərlə yanaşı, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri tərəfindən də yüksək qiymətləndirilib.

Sonda məktəblilər Vətənə, şəhidlərə həsr olunan şeirlər söyləyiblər.

Məlumat üçün qeyd edək ki, Qazaxda 31 məktəb şəhid adını daşıyır.


Açar sözlər: ,