09.09.2019

Qazaxda icra başçısı qəbul imtahanlarında yüksək bal toplayan tələbələrlə görüşüb

Qazax Rayon İcra Hakimiyyəti başçısının 2018-2019-cu tədris ilində ali məktəblərə qəbul imtahanlarında rayon üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüşü keçirilib.

Gənclər Mərkəzində keçirilən görüşdə Qazax RİHB aparatının məsul işçiləri, Rayon Təhsil şöbəsinin əməkdaşları, Bakı Dövlət Universiteti Qazax filialının, Qazax Dövlət Sosial-iqtisadi Kollecinin müəllim kollektivi, məktəb direktorları, işçi qrupunun üzvləri, "Əməkdar müəllim"lər və qabaqcıl təhsil işçiləri, 600-dən yüksək bal toplayan tələbələlər, onların valideynləri, ibtidai sinif müəllimləri, sinif rəhbərləri, KİV nümayəndələri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların müəllim və valideynlərini səmimi qəlbdən təbrik edib, tələbələrə yenicə qədəm qoyduqları müstəqil həyatda daha böyük uğurlar, möhkəm cansağlığı, ailə səadəti və xoşbəxtlik arzulayıb. Rayon rəhbəri bugünkü görüşün istər müəllimlər, istərsə rayon ictimaiyyəti üçün əlamətdar bir görüş olduğunu qeyd edib. Təhsil sahəsini toxunulmaz bir fond kimi dəyərləndirən rayon rəhbəri Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə olan qayğısından danışıb.  

Qazax Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək tələbə adını qazanan bütün məzunları təbrik edib, xoş arzularını çatdırıb. "Bu gün dövlətimizin siyasətinin əsas strateji xəttini təhsilin inkişafı təşkil edir”, - deyən N.Babanlı ölkə Prezidentinin öz çıxışlarında "Biz neft kapitalını insan kapitalına çevirməliyik” fikrini təhsilə olan ən yüksək qayğı kimi qiymətləndirib. Gənclərə bu kapitalın onlar olduğunu, xalqımızın öz gələcəyini onlar kimi savadlı, qabiliyyətli, bacarıqlı gənclərə etibar etdiyini bildirib. Builki nəticələr barədə məlumat verən N.Babanlı 2018-2019-cu tədris ilində Qazax rayonunun ümumtəhsil məktəblərini bitirən 701 məzundan 488 nəfərin ali və orta ixtisas məktəblərinə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verdiyini bildirib. Həmin məzunlardan 305 nəfərin dövlət ali məktəblərinə, 14 nəfərin isə xüsusi təyinatlı ali məktəblərə qəbul olduğunu qeyd edib. Cari ilin məzunlarından 319 nəfər, əvvəlki illərin məzunlarından 16 nəfər olmaqla cəmi 335 nəfərin tələbə adını qazandığını vurğulayıb. Məzunlardan 113 nəfərin orta ixtisas təhsil müəssisələrinə daxil olduğunu diqqətə çatdırıb. Ali təhsil müəssisələrinə daxil olan gənclərdən 15 nəfərin 600 baldan, 33 nəfərin isə 500 baldan yüksək nəticə göstərdiyini bildirib. Həmçinin ali məktəbə qəbul olan abituriyentlərdən 110 nəfərin Bakı Dövlət Universitetinin tələbəsi adını aldığını qeyd edib.

Bakı Dövlət Universiteti Qazax filialının direktoru, dossent Arif Rüstəmov da rəhbərlik etdiyi universitetin müəllim kollektivi adından tələbə adını qazanan məzunlara təbriklərini çatdırıb. Ölkə başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan danışan dossent bu gün həmin qayğı sayəsində Azərbaycan təhsilinin özünün intibah dövrünü yaşadığını bildirib. BDU Qazax filialının qazandığı uğurlarda dövlətin, rayon rəhbərinin göstərdiyi diqqət və qayğının böyük rolu olduğunu vurğulayıb və buna görə bir daha rayon rəhbərliyinə minnətdarlığını çatdırıb.

Tədbirdə iştirak edən Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əmədar incəsənət xadimi, şair Barat Vüsal öz növbəsində məzunlara təbriklərini çatdırıb.

S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin direktoru Bəsdi Ələkbərova da məzunları təbrik edib və rəhbərlik etdiyi məktəbin uğurlarından söz açıb. Məktəb direktoru bu il XI sinfi bitirən 57 nəfər məzundan 50 nəfərinin ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etdiyini qeyd edib. Kifayət Carçıyevanın sinif rəhbəri olduğu 21 məzundan 18 nəfərin ali, 3 nəfərin isə orta ixtisas məktəblərinə daxil olduğunu bildirib. Bundan başqa, daha bir sinifdən məzun olan 20 nəfərdən 16 nəfərin ali, 2 nəfərin isə orta ixtisas məktəblərinin tələbəsi adını aldığını vurğulayıb.

Yüksək nəticə göstərən məzunlardan N.Vəliyev adına şəhər 5 nömrəli tam orta məktəbin şagirdi (652 bal) Səma Əfəndiyeva, M.Hüseyn adına məktəb-liseyin şagirdi (651 bal) Fidan Əhmədova, V.Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin şagirdi (645 bal) Babaxan Carçıyev, S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin şagirdi (644 bal) Kamil Bayramov çıxış edərək ürək sözlərini bildiriblər. Təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə məzunlar olaraq minnətdarlıqlarını çatdırıblar. İstər bu gün qazandıqları, istərsə də gələcəkdə əldə edəcəkləri nailiyyətlərdə dövlətin onlara göstərdiyi qayğının böyük rolu olduğunu qeyd edən tələbələr gələcəkdə də öz uğurlarını davam etdirəcəklərini söyləyiblər. Yüksək nəticə göstərmələrində əməyi olan müəllimlərinə, valideynlərinə minnətdarlıq edən tələbələr bundan sonrakı fəaliyyətlərində, təhsil aldıqları ali təhsil ocaqlarında həmişə Qazaxın, oxuduqları məktəblərin adlarını daim yüksəkdə tutacaqlarına söz veriblər.

Sonda rayon üzrə 600-dən yuxarı bal toplayan tələbələrə gül dəstələri və qiymətli hədiyyələr verilib. Məzunların yüksək nəticə göstərmələrində əməyi olan sinif rəhbərlərinə isə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları və gül dəstələri təqdim olunub.

Tədbirdə Ş.Cəbiyev adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Əliyeva Yetər Rüstəm qızı da uzun illər təhsil sahəsində səmərəli fəaliyyətinə görə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanına layiq görülüb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbir-görüşə yekun vuraraq bütün tələbələri bir daha səmimi qəlbdən təbrik edib, gələcək işlərində böyük uğurlar arzulayıb. "Əziz balalar, biz sizinlə fəxr edirik. İnanıram ki, siz təhsil alacağınız ali məktəbdə rayonumuzun adını həmişə yüksəklərə qaldıracaqsınız”, - deyən rayon rəhbəri öz tövsiyələrini verib.


Açar sözlər: ,