26.02.2019

Qazaxda Xocalı faciəsinin 27–ci ildönümünə həsr olunmuş “Cəzasız cinayət” adlı ədəbi–bədii kompozisiya və sərgi keçirilib

Xocalı faciəsinin 27–ci ildönümünə həsr olunmuş "Cəzasız cinayət” adlı ədəbi–bədii kompozisiya və sərgi keçirilib. Gənclər Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, bağça müdirləri, şəhid ailələri, KİV nümayəndələri iştirak ediblər. 

Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbirdə iştirakçılar əvvəlcə Gənclər  Mərkəzinin foyesində məktəblilərin Xocalı faciəsinə həsr etdikləri 50 rəsm əsərindən ibarət sərgi ilə tanış olublar. Rayon rəhbəri hər bir rəsmin qarşısında dayanaraq əl işlərinə baxıb, məktəblilərlə söhbət edib, bu istedadlı uşaqların rəsmlərdə nə demək istədikləri ilə maraqlanıb. Uşaqlar çəkdikləri rəsmlər haqqında məlumat verməklə yanaşı, Xocalıya həsr edilmiş şeirlər söyləyiblər.

Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd edən icra başçısı uşaqların Xocalı faciəsini öz gözləri ilə görmədiklərinə baxmayaraq çəkdikləri rəsmlərdə faciəni canlandırdıqlarını, rəsmlərdə düşmənə nifrətin və Xocalıya ədalətin çox canlı şəkildə əks olunduğunu bildirib.

Sonra  şəhər 2 saylı Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivinin ifasında "Cəzasız cinayət” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Uşaq Gənclər-İnkişaf Mərkəzinin dərnək üzvlərinin Azərbaycanın ilk işğal olunmuş kəndi Bağanıs Ayrım kəndinə, eləcə də Xocalı faciəsinə həsr etdikləri "Əsgərana gedən yol” adlı ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. 2 saylı Uşaq Musiqi Məktəbinin müəllimlərinin ifasında "Sarı gəlin” kompozisiyası, xor kollektivinin ifasında səslənən "Xocalım”adlı mahnı, müəllim kollektivinin ifasında "Qalx ayağa Azərbaycan!” şeiri o ağrılı-acılı günləri canlandırıb, düşmənə nifrət hissini alovlandırıb, Azərbaycan xalqının azadlıq uğrunda apardığı mübarizəni bir daha əks etdirib.


Açar sözlər: ,  ,  ,