04.02.2019

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib

Fevralın 3-də ölkənin bütün şəhər və rayonlarında 2018-2019-cu tədris ili üçün məktəblilərin Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçirilib.

Azərbaycan Respublikası Təhsil Nazirinin 12 dekabr 2014-cü il tarixli 1256 nömrəli Əmri ilə təsdiq edilmiş məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi qaydalarına uyğun olaraq keçirilən bilik yarışında 9,10,11-ci, həmçinin xüsusi istedada və hazırlığa malik 8-ci sinif şagirdləri iştirak ediblər.

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə keçirilib.

Olimpiadanın rayon (şəhər) mərhələsində şagirdlərə fənlər üzrə qapalı test formatında 25 sual təqdim edilib.

Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd ayrı-ayrı fənlər üzrə istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması və özünə inam hissinin gücləndirilməsi, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunun ümumtəhsil məktəblərinin 9,10,11, eləcə də 8-ci sinif şagirdlərinin iştirakı ilə fənn olimpiadasının rayon mərhələsi təşkil olunub.

Şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənlər təmayüllü məktəb-liseydə keçirilən fənn olimpiadasının rayon mərhələsində 9-cu siniflər üzrə 131 nəfər, 10-cu siniflər üzrə 159 nəfər, 11-ci siniflər üzrə 160 nəfər, 8-ci siniflər üzrə 3 nəfər, ümumilikdə, 453 nəfər şagird iştirak edib.

Olimpiadada Azərbaycan dili və ədəbiyyat fənni üzrə 127, riyaziyyat fənni üzrə 102, fizika fənni üzrə 50, kimya fənni üzrə 33, biologiya fənni üzrə 30, informatika fənni üzrə 8, tarix fənni üzrə 61, coğrafiya fənni üzrə isə 42 nəfər şagird öz bilik və bacarığını sınayıb.


Açar sözlər: ,