31.01.2019

Qazax rayon icra başçısı məktəblilərlə görüşüb

Qazax  rayon icra hakiniyyətinin başçısı 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş "Şəhidli, şahidli gecə” adlı rəsm sərgisinin iştirakçıları ilə görüşməsi də bu qayğının bariz nümunəsidir.

İcra Hakimiyyətində keçirilən görüşdə sərgidə əsərləri nümayiş olunan və şeir söyləyən S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin, İ.Qayıbov adına 3 saylı tam orta məktəbin şagirdləri, müəllimləri, Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri və dərnək rəhbərləri iştirak ediblər.   

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək bugünkü sərgidə çıxışlarına görə fərqlənən hər bir şagirdə ayrı-ayrılıqda sağ ol deyib, onlara dərslərində daha böyük müvəffəqiyyətlər qazanmalarını arzulayıb. Qazax rayonunun ölkəmizdə təhsilin beşiyi sayıldığını bildirən icra başçısı bu sahəyə göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, rayonumuzda təhsil sahəsi ildən-ilə inkişaf edərək daha böyük bəhrə verir.

Ölkəmizdə elmin, təhsilin inkişafında Qazaxın xüsusi rolu olduğunu qeyd edən rayon rəhbəri bildirib ki, Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı ölkə başçısının 3 noyabr 2018-ci il tarixli Sərəncam verməsi bunu bir daha sübut etdi. Bu Sərəncam onu göstərdi ki, Qazax hər zaman ziyalılar, tarixi şəxsiyyətlər yurdu olub və bu, bundan sonra da belə olacaqdır. Təkcə Qazax Müəllimlər Seminariyası onu deməyə əsas verir ki, rayonda savadlı gənclər ordusu yetişir, bilikli gənclərimizin sayı günü-gündən artır.

Rayon rəhbəri vurğulayıb ki, ölkə başçısının, təhsil nazirinin təhsil sahəsinə göstərdikləri diqqət və qayğının nəticəsidir ki, bu sahə gündən-günə inkişaf edir, qazanılan uğurları, əldə edilən nailiyyətləri ilə seçilir. Sevindirici haldır ki, dövlət tərəfindən göstərilən bu qayğını yüksək dəyərləndirən qazaxlı məktəblilər öz uğurları ilə ölkə təhsilinə töhfə verirlər. Bu il qəbul imtahanlarının nəticələrinə görə Qazaxın respublika məktəbləri arasında 3-cü yerdə dayanması bütün bu dediklərimizin əyani sübutudur.

Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova, şəhər 2 nömrəli tam orta məktəbin direktoru Murğuz Mustafayev, 3 saylı tam orta məktəbin direktor əvəzi Nailə Əfəndiyeva, Qazax Dövlət Rəsm Qalereyasının müdiri Münəvvər Xəlilova çıxış edərək təhsil, eləcə də mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə, onlara göstərilən bu səmimi münasibətə və qayğıya görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova rəhbərlik etdikləri kollektivlər adından öz dərin minnətdarlıqlarını bildiriblər. Bugünkü görüşün istər müəllimlərin, istərsə də şagirdlərin əməyinə verilən ən böyük qiymət olduğunu qeyd ediblər.

Səmimi söhbət əsasında keçən görüşdə məktəblilər də öz ürək sözlərini bildirib, arzu və istəklərini çatdırıblar. Şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Növrəstə Haqverdiyeva, 3 saylı tam orta məktəbin şagirdi Nazim Şaqumov onlarla keçirilən bu görüşün həyatlarında böyük əhəmiyyət daşıdığını bildiriblər. Göstərilən diqqət və qayğının etimadı olaraq bundan sonra da dərslərini daha yaxşı oxuyacaqlarını və məktəblərinin adını uca tutacaqlarını söyləyiblər. Keçirilən bütün tədbirlərdə daha böyük məharətlə çıxış edəcəklərini çatdırıblar. Məktəbli yoldaşlarının adından bugünkü görüşə görə təşəkkürlərini bildiriblər.


Açar sözlər: ,  ,