10.12.2018

Qazaxda “Ekoloji problemlərin həlli yolları” adlı sərgi keçirilib

Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Ekoloji problemlərin həlli yolları” adlı sərgi keçirilib.

Sərgidə Akif Əmirovun tərtibatı ilə Qazax Uşaq–Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin 20 rəsm əsəri və 70 əl işi sərgilənib. Bundan əlavə, sərgidə fauna və flora guşələri nümayiş olunub.Qazax Dövlət Rəsm Qalereyasında baş tutan sərgidə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, Uşaq–Gənclər İnkişaf Mərkəzinin müəllimləri və dərnək üzvləri, rayonda fəaliyyət göstərən ali təhsil müəssisələrinin müəllim və tələbələri, təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışan işçilər, gənclər, KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə rayon rəhbəri və sərgi iştirakçıları nümayiş olunan əl işləri, rəsm əsərləri ilə tanış olublar.

Gənc rəssam Akif Əmirov çıxış edərək keçirilən sərginin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki, tədbirin məqsədi real ekoloji vəziyyəti gənclərin, xüsusilə də məktəblilərin gözü ilə qiymətləndirmək və bu sahənin məktəblilər tərəfindən daha çox araşdırılmasına nail olmaqdır. Gənc rəssam Qazaxda təşkil olunan bütün sərgilərin yüksək səviyyədə təşkil olunmasına, onlara göstərilən diqqətə, qayğıya və sərgidə iştirak etdiyinə görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sərgi iştirakçıları, gənc rəssamlar, xüsusilə də mərkəzin dərnək üzvləri adından dərin minnətdarlığını bildirib.

Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova çıxış edərək bildirib ki, sərginin məqsədi məktəblilərin ekoloji sahəyə maraqlarının artırılması, onların bu mövzuda maarifləndirilməsi, yaradıcılıq potensiallarının dəstəklənməsi və sosial təşəbbüskarlıqlarının stimullaşdırılmasıdır.

Mərkəz olaraq gördükləri işlərdən söz açan G.Rəhimova dərnək üzvlərinin Gəncədə keçirilən müsabiqədə də 7 rayon üzrə birinci yeri tutduqlarını bildirib. Qeyd edib ki, bizim mərkəzin dərnək üzvləri ətraf mühitin qorunması istiqamətində öz töhfələrini verməkdə davam edir. Bu sərgidən də əvvəl Qazaxın girişində Təyyarə Abidə Kompleksinin ətrafında da 21 ədəd həmişəyaşıl şam ağacı əkdiklərini, həmçinin, Bakı-Qazax magistral avtomobil yolunun hər iki tərəfində 90 nəfər məktəblinin və 37 nəfər dərnək rəhbərinin iştirakı ilə təmizlik işləri apardıqlarını bildirib. Bugünkü sərginin də gördükləri işlərin davamı olduğunu vurğulayıb. Ətraf mühitin müdafiəsi sahəsində gənc rəssamların, xüsusilə də məktəblilərin dünyagörüşünün formalaşmasında bu cür tədbirlərin bundan sonra da mütəmadi olaraq təşkil ediləcəyini qeyd edib. Sərginin təşkil olunmasında göstərdiyi dəstəyə görə rayon rəhbərliyinə və əməyi keçən insanlara rəhbərlik etdiyi kollektiv adından dərin minnətdarlığını bildirib.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək sərginin yüksək səviyyədə təşkil olunmasına görə əməyi keçən insanları bir daha təbrik edib və davamlı olmasını arzulayıb.


Açar sözlər: ,  ,