16.11.2018

Lənkəran rayonu ilə tanışlıq qazaxlı məktəblilərdə zəngin təəssürat oyadıb

"Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçısı olan qazaxlı məktəblilər Gəncə şəhərinin, paytaxtın Xətai və Səbail, eləcə də Gədəbəy, Samux, Daşkəsən, Şəmkir, Ağstafa rayonlarının məktəbliləri ilə birlikdə bu gün Lənkəran rayonuna səyahət ediblər.

Tur-aksiyanın iştirakçıları səhər yeməyindən sonra Lənkərandakı "Xanbulan” istirahət mərkəzi və Hirkan Milli Parkı, eyni zamanda şəhərlə tanış olublar.

Hirkan Milli Parkının direktoru Azər Mirzəyev məktəblilərə məlumat verərək bildirib ki, bu park Respublika Prezidenti İlham Əliyevin 9 fevral 2004-cü il tarixli Sərəncamı ilə yaradılıb. Milli Park Hirkan qoruğunun və qoruğa bitişik meşə fondunun ərazisini əhatə edir. Azərbaycan Respublikasının cənub-şərqində, Xəzər dənizi sahilində, 3 rayonda - Lerik, Astara və Lənkəran inzibati ərazisində yerləşir. 40 min 358 hektar ərazisi vardır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifi əsasında Hirkan Milli Parkı YUNESKO-nun Ümumdünya Mədəni və Təbii İrs Siyahısına daxil edilməsi üçün qeydiyyata alınıb. Bildirib ki, Hirkan Milli Parkı çoxlu sayda endemik relikt növlərin mövcud olduğu təbiət muzeyidir. Flora və fauna növləri ilə daha zəngindir. Bu muzeyin yaşı min illərlə ölçülür.

Direktor qeyd edib ki, son vaxtlar parka əcnəbi turistlərin, respublikamızın müxtəlif bölgələrindən olan məktəblilərin gəlməsi onu göstərir ki, Hirkan Milli Parkı günü-gündən inkişaf edir, əlaqələrimiz genişlənir.

Məktəblilər Xanbulan kəndindəki göl, burada salınmış sitrus meyvə bağları və çay plantasiyaları ilə də yaxından tanış olublar. Tur-aksiyanın iştirakçılarına cənub bölgəsində çayçılığın inkişaf tarixi, müəssisədə aparılan elmi-tədqiqat işləri, təcrübələr və onların nəticələri barədə ətraflı məlumat verilib.

Günün ikinci yarısında isə tur-aksiya iştirakçıları Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, ulu öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Lənkəran şəhərindəki "Qoşa Qala qapıları”, "Mayak” binası, "Dairəvi Qala”, Bayraq Meydanı, Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər Mərkəzi ilə tanışlıq məktəblilərin böyük marağına səbəb olub.

Daha sonra tur-aksiyanın iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun möhtəşəm abidəsini ziyarət edib, qəhrəmanın Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla tanış olublar. Burada şagirdlərə igid qəhrəmanın İkinci Dünya müharibəsində keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib.

Axşam saatlarında məktəblilər "Palıdlı sahil” istirahət mərkəzində onlar üçün təşkil edilmiş müxtəlif əyləncəli proqramlarda iştirak ediblər.


Açar sözlər: ,  ,