29.10.2018

Qazax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi müsabiqədə iştirak edəcək

"Eko səyahət” Respublika uşaq qısa sənədli film müsabiqəsi keçirilir. Müsabiqədə BMT Uşaq Fondu (UNICEF) Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) və IDEA İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində keçirilir.

5 mərhələ üzrə keçirilən müsabiqənin əsas məqsədi məktəblilərin ekoloji maarifləndirmə əhatəsini genişləndirmək, onların ətraf mühitin qorunmasında fəal iştirakını təmin etmək, onlara ekoloji tərbiyə və mədəniyyətin aşılanması, ictimaiyyətin diqqətini dayanıqlı inkişaf məqsədlərinə çəkməkdir.

"Eko səyahət” Respublika uşaq qısa sənədli film müsabiqəsində 2 yaş qrupu üzrə uşaqlar iştirak edə bilər.  Birinci yaş qrupu 12 – 15 yaş üzrə (VI – IX siniflər), ikinci yaş qrupu isə 16 – 17 yaş üzrə (IX – XI siniflər) uşaqlar iştirak edə bilərlər.

Məlumat üçün bildirək ki, 2016-2020-ci illər üçün Azərbaycan Hökuməti-UNİCEF Əməkdaşlıq Proqramı, 2018-2019-cu illər üçün Təhsil Proqramı üzrə Dövri Fəaliyyət Planı çərçivəsində keçirilən "Eko səyahət” Respublika uşaq qısa sənədli film müsabiqəsində Qazax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Ekoklub” dərnəyinə cəlb olunmuş dərnək üzvləri və dərnək rəhbərləri də iştirak edəcəkdir.

Bu gün dərnək üzvləri müsabiqədə iştirak etmək üçün rayonun "Təyyarə meydanı” adlanan ərazisində 21 ədəd şam ağacı tingləri əkiblər. Bundan əlavə, əkilmiş tinglər suvarılıb və ağac əkilmiş ərazi tullantılardan təmizlənib.

Tədbirdə 40 nəfər dərnək üzvü və 5 nəfər dərnək rəhbəri iştirak edib.