29.10.2018

“Dini radikal qrupların təbliğat metodları və onlara qarşı mübarizənin yolları” mövzusunda maarifləndirici tədbir keçirilib

Qazax Rayon İcra Hakimiyyətinin iş planına uyğun olaraq rayonun təhsil müəssisələrində keçirilən maarifləndirici silsilə tədbirlər bu həftə də uğurla davam etdirilib. Belə ki, rayonun Ürkməzli, Bala Çaylı, Çaylı kənd 1 və 2 saylı tam orta məktəblərində bu cür tədbirlər keçirilib. "Dini radikal qrupların təbliğat metodları və onlara qarşı mübarizənin yolları” mövzusunda keçirilən tədbirlərdə hüquq-mühafizə orqanlarının nümayəndələri, kənd icra nümayəndələri, məktəb direktorları, sinif rəhbərləri, müəllimlər, yuxarı sinif şagirdləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

RİHB Aparatında ictimai–siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini–dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin əhəmiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Mövzu ətrafında rayon prokurorunun müavini Qasım Ağayev, rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, rayon Polis şöbəsinin sahə rəisi Emin Hüseynzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax rayonu üzrə nümayəndəsi Ceyhun Rüstəmov, RTŞ-nin aparıcı məsləhətçisi Donara Həsənova, QMİ-nin bölgə qazısı İlham Süleymanov və başqaları çıxış ediblər.

Çıxışlar zamanı bildirilib ki, İslam dini Azərbaycanda yayılmağa başladığı dövrdən indiyədək bu dinin radikal, humanizmdən kənar prinsiplərə əsaslanan hansısa təlimi təbliğ olunmayıb. Bu əsasən, xalqımızın etnik xüsusiyyətləri, yüksək mənəviyyatı və mədəniyyəti ilə bağlıdır. Qeyd olunub ki, istənilən cəmiyyətdə məişət səviyyəsində xurafat elementlərinə rast gəlmək olar. Bəzən bunlar dinlə əlaqələndirilir. Lakin bunun dinlə heç bir əlaqəsi yoxdur. Elm, təhsil olmayanda din xurafata çevrilir. Ona görə də təhsil, elm və din paralel aparılmalıdır, onlar bir-birinə qarşı qoyulmamalıdır.

Tədbir iştirakçıları dini radikalizm, ekstremizm və fanatizmin mahiyyəti, eləcə də dini radikal qrupların təbliğat metodları barədə də məlumatlandırılıblar. Bildirilib ki, radikal dini qruplar insanları həqiqi informasiyadan təcrid edib, onlara özlərinin uydurduqları yalan məlumatları ötürürlər.

Tədbir iştirakçılarına dini zəmində baş verən terror, həmçinin, narkomaniya və onun fəsadları haqqında da ətraflı məlumat verilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,