29.09.2018

"Biz birlikdə güclüyük” layihəsi uğurla icra olunur

Qazaxda daim diqqət mərkəzində saxlanılan sahələrdən biri olan təhsil sahəsi qazanılan uğurları, əldə olunan yüksək göstəriciləri ilə fərqlənir. İstər müəllimlər, istərsə də şagirdlər rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya öz töhfəsini verir. Qazax təhsilinin növbəti uğuru isə Qazax şəhər İ.Qayıbov adına 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Tahirə Xasməmmədova tərəfindən qazanılıb.

Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib seçilən "Biz birlikdə güclüyük” layihəsi də Qazax təhsilinin uğurudur. 

Layihənin rəhbəri Tahirə Xasməmmədovanın sözlərinə görə Qazax şəhəri və eləcə də kənd məktəblərinin sağlamlıq imkanları məhdud olan şagirdlərini, dil klubu üzvlərini əhatə edən layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına dəstək göstərmək, onların normal insanlar kimi bilik və bacarıqlara yiyələnmələri zərurətini dərk etdirməkdir. Həmçinin həmin uşaqların peşə seçimlərinə uyğun dil bacarıqlarını formalaşdırmaq, onlara müasir innovasiyalardan məqsədli və səmərəli istifadəni çevik mənimsətmək, beynəlxalq inkişaf konsepsiyasına uyğun insan kapitalı potensialının inkişafına nail olmaqdır.

Onu da qeyd edək ki, layihə uğurla icra olunur. Belə ki, artıq hazırlıq mərhələsinin başa çatdığı layihə çərçivəsində psixoloqlarla görüşlər keçirilib, sənaye müəssisələrinə turlar təşkil edilib, rayonun bütün məktəblərində fərdi təhsilə cəlb olunmuş şagirdlərlə görüşlər keçirilib.

Layihə çərçivəsində Tahirə Xasməmmədovanın "İmkanlar sərhəd tanımır” adlı kitabının təqdimatı olub.

Şəhər 4 nömrəli tam orta məktəbdə keçirilən təqdimat mərasimində məktəb direktorları, müəllimlər, digər layihə rəhbərləri, sağlamlıq imkanları məhdud olan uşaqlar, onların valideynləri, layihədə yaxından iştirak edən və dəstək olan insanlar, layihəyə könüllü olaraq qatılan üzvlər iştirak edib.

Layihənin rəhbəri Tahirə Xasməmmədova giriş sözü ilə çıxış edərək istər layihənin uğurla həyata keçirilməsində, istərsə də təqdimatı keçirilən kitabın ərsəyə gəlməsində əməyi keçən insanlara minnətdarlığını bildirib. Layihənin reallaşmasında Qazax Rayon İcra Hakimiyyətinin, rayon Təhsil şöbəsinin, "HGC GROUP” MMC-nin (Qazax sement zavodunun), Müstəqil Xəqani kiçik müəssisəsinin, eləcə də digər təşkilatların, insanların böyük dəstəyi olduğunu bildirib. Empatik hisslər və empatiya mövzusunda geniş məlumat verərək layihə çərçivəsində görülən işlərdən danışıb.

Bildirib ki, bu gün kitabda təkcə adları qeyd olunan sağlamlıq imkanları məhdud olan uşaqlar deyil, eyni zamanda, onların arzuları da yer alıb. Layihənin bir hissəsi olan bu kitabda yer alan uşaqların söylədiyi fikirlər bir daha onu sübut etdi ki, dövlətimiz tərəfindən həmin uşaqların cəmiyyətə inteqrasiya olunmasında, digər yaşıdları kimi tam vətəndaş olaraq formalaşmaları üçün hər cür dəstək göstərilir. Bu gün həmin uşaqlarda öz dövlətinə, millətinə qarşı inam hissi yarandı və artıq onlar öz dövlətinə güvənirlər. Cəmiyyət üçün yararlı insan olmağın nə demək olduğunu dərk edirlər və bu istiqamətdə ilk addımlarını atırlar.

T.Xasməmmədova bu layihə uşaqlarımıza çox şey qazandırdı, - deyərək layihə iştirakçılarından Elbəy Mustafayevin öz əlil arabasını digər yoldaşına hədiyyə etməsini bunun əyani sübutu olduğunu bildirib. Qeyd edib ki, bu o deməkdir ki, biz bu layihəni həyata keçirməklə öz istəyimizə nail ola bildik. Uşaqlarda bir-birinə, ümumilikdə bütün insanlara qarşı sevgi, hörmət, mərhəmət hissini aşılaya bildik.

Layihəyə yaxından dəstək göstərən məktəb direktorlarından – şəhər 5 nömrəli tam orta məktəbin direktoru Nəsibə Tağıyeva, Alpout kənd tam orta məktəbin direktoru İsmayıl Abdullayev, İkinci Şıxlı Sarıvəlli kənd tam orta məktəbin direktoru Məzahir Omarov, Məzəm kənd ibtidai məktəbin direktoru Cəbrayıl Osmanov, Bala Cəfərli kənd ibtidai məktəbin direktoru Yasəmən Quliyeva, Abbasbəyli kənd ibtidai məktəbin direktoru Günəş Əliyeva və başqaları çıxış edərək rayonumuzda bu cür layihələrin keçirilməsini, xüsusilə də müəllimlərimizin belə layihələrin keçirilməsində aktiv olmasını, fəal iştirak etməsini yüksək qiymətləndiriblər. Sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiya olunması baxımından belə layihələrin təşkil olunmasının günün vacib məsələlərindən biri olduğunu qeyd ediblər.

Layihə könüllüləri çıxış edərək bu layihədə qazandıqları, əldə etdikləri təcrübə haqqında fikirlərini bölüşüblər. Uşaqlarla birlikdə olmaqdan məmnunluq hissi keçirdiklərini çatdırıblar.

Tədbirdə layihədə yaxından iştirak edən və fəallığına görə seçilən insanlara, təşkilat üzvlərinə Təşəkkürnamə, layihə könüllülərinə isə Sertifikatlar təqdim olunub.

Qeyd edək ki, kitabda əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud olan uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunları əks olunub. Bundan əlavə, sağlamlıq imkanları məhdud olan, lakin bu gün bütün dünyada tanınan insanlar və onların dəyərli fikirləri, həyata qarşı apardıqları mübarizə üsulları qeyd olunub. Cəmiyyətimizdə fiziki qüsurlu insanlara necə davranmalı olduqları haqqında məlumatlar yer alıb. Bundan başqa, layihəyə cəlb olunmuş sağlamlıq imkanları məhdud olan uşaqların istəkləri, arzuları və ən əsası da cəmiyyətdə nələrə sahib olmaq istədikləri barədə fikirləri toplanıb. Layihə çərçivəsində ekskursiya olunan yerləri, keçirilən görüşləri, gəzintiləri özündə əks etdirən fotoşəkillər də kitaba daha bir maraq qatıb.


Açar sözlər: ,  ,  ,