17.09.2018

Qazaxlı məktəblilər ötən il əsası qoyulan ənənəni bu il də davam etdiriblər

Mənfur düşmənlə 168 km sərhəddi olan, Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 285 şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altında qalan Qazax rayonunda şəhidlərimizin əziz xatirəsi hər zaman böyük ehtiramla yad olunur.

Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, M.Hüseyn adına məktəb-liseyin direktoru Tahirə Comərdova çıxış edərək vətənpərvərlik ruhunda olan belə əhəmiyyətli tədbirin keçirilməsinə görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün təhsil işçiləri və məktəblilər adından öz dərin minnətdarlıqlarını bildiriblər. Şəhidlər Xiyabanının belə yüksək səviyyədə yenidən qurulmasına və bu gün rayon ictimaiyyətinin ixtiyarına verilməsinə görə sonsuz təşəkkürlərini çatdırıblar.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, şair Zaməddin Ziyadoğlu çıxış edərək bildiriblər ki, artıq ikinci ildir ki, bu tədbirdə iştirak edirik. Bilik Günü ərəfəsində bu cür tədbirin keçirilməsinin körpə balaların vətənpərvər ruhda tərbiyə olunmasında, Vətən, xalq, dövlət naminə əsl vətəndaş kimi formalaşmasında böyük rol oynadığını qeyd ediblər. Bu ənənənin yaşadılmasına və rayonun şəhidlərinə verdiyi yüksək dəyərə görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirib, şəhidlərə yazdıqları şeirləri oxuyublar.

Şəhid atası Sarı Hüseynov çıxış edərək şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə, rayon rəhbərinə şəhid ailələri adından minnətdarlığını çatdırıb. Qeyd edib ki, bugünkü tədbir bir daha onu sübut edir ki, torpaqlarımız uğrunda canından keçən Vətən oğulları unudulmur, onların əziz xatirəsi mütəmadi olaraq yad edilir və onlar bütün Azəraycan xalqının qəlbində yaşayır. Bu tədbir onu göstərdi ki, mənim oğlum bütün qazaxlıların oğludur. Biz valideynlər bir daha əmin oluruq ki, dövlətimiz və dövlət başçımız tərəfindən övladlarımıza olan hörmət bundan sonra da yüksək səviyyədə olacaqdır.

Yeni dərs ili ərəfəsində məktəblilərin şəhidləri yad etməsi və ötən il əsası qoyulan ənənənin bu il də davam etdirilməsi məktəblilər, onların valideynləri, şəhid ailələri, müəllimlərlə yanaşı, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri tərəfindən də yüksək qiymətləndirilib.

Məlumat üçün qeyd edək ki, Qazaxda 32 məktəb şəhid adını daşıyır.


Açar sözlər: ,  ,