15.06.2018

Qazax məktəblərində “Son zəng” çalınıb

Respublikamızın hər yerində olduğu kimi, Qazax məktəblərində də “Son zəng” çalınıb. Bu il rayonun 40 ümumtəhsil məktəbində keçirilən “Son zəng” tədbirləri Azərbaycan Respublikası Təhsil Nazirinin 12 iyun 2018-ci il tarixli, №F-431 nömrəli əmrinə müvafiq olaraq məktəblərdə yüksək səviyyədə təşkil edilib. Bu il 680 nəfər XI sinfi bitirərək məzun adını alıb. IX sinfi bitirən şagirdlərin sayı isə 1024 nəfərdir.

Rayon üzrə keçirilən bütün tədbirlərdə Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri və rayon Təhsil şöbəsinin əməkdaşları iştirak ediblər. 

Bütün məktəblərdə tədbir açıq elan olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Birincilərin ifasında Vətənə, Anaya, məktəbə, “Son zəng”ə həsr olunmuş şeirlər söylənilib, mahnılar oxunub.

Keçirilən tədbirlərdə məktəblərin qazandıqları uğurlardan, əldə etdikləri nailiyyətlərdən də söz açılıb. Məktəb direktorları çıxışlarında məzunları təbrik edib, valideynlərinə gözaydınlığı verib, bütün məzunlara yenicə qədəm qoyduqları müstəqil həyatda daha böyük uğur qazanmalarını arzu ediblər. 

Məktəbi bitirən məzunlar çıxış edərək üzərilərində əməyi keçən müəllimlərinə və valideynlərinə minnətdarlıqlarını bildirib, bundan sonra da onlara göstərilən etimadı doğruldacaqlarını qeyd ediblər. Məktəb zamanı əldə etdikləri bilik və bacarıqlarını layiqincə sərf edəcəklərini və məktəblərinin adını daim uca tutacaqlarını bildiriblər. 

Tədbirlərdə iştirak edən qonaqlar, valideynlər, müəllimlər Respublika Prezidenti İlham Əliyev tərəfindən təhsil sahəsində çalışan insanlara göstərilən diqqət və qayğıdan söz açıb, ən ucqar kəndlərdə belə yeni müasir tipli məktəblərin tikilməsini, hər il müəllimlərin əmək haqlarının artırılmasını, istedadı olan şagirdlərə, tələbələrə xaricdə oxumaq şansının verilməsini göstərilən qayğının ən bariz nümunəsi kimi qiymətləndiriblər.


Açar sözlər: ,  ,