19.04.2018

Ekskursiyalar maraqla qarşılanır

Fevral ayının 14-dən start götürən və rayon məktəblərinin müəllim və şagirdləri tərəfindən yüksək qiymətləndirilən ekskursiyada məktəblilər Qazax Tarix-Diyarşünaslıq Muzeyi və Dövlət Rəsm Qalereyası ilə yaxından tanış olurlar. Ekskursiyada VI-IX siniflərdə təhsil alan şagirdlər və onların müəllimləri iştirak edir. Ekskursiyanın təşkilində əsas məqsəd Qazax rayonunun qədim tarixi köklərə malik olmasını, ümumiyyətlə, rayonun keçmişi və bu günü barədə ətaflı məlumat verməkdir. 

Rayon məktəblilərinin fəal iştirak etdiyi ekskursiyanın bugünkü iştirakçıları A.Mikayılov adına Xanlıqlar kənd ümumi orta və İ.Şıxlı adına Kosalar kənd tam orta məktəblərin müəllim və şagirdləri olub.

İlk olaraq muzeyin qonağı olan iştirakçılar 1-ci və 2-ci mərtəbələrdəki guşələrdə əks olunmuş eksponatlarla tanış olub, rayonun tarixi mədəniyyət abidələri, təbiət görüntüləri, Qazaxın zəngin faunası, bitki örtüyü və torpaq növləri haqqında məlumatlar alıblar. 

Sonra məktəblilər Dövlət Rəsm Qalereyasına ekskursiya ediblər. Burada məktəblilərə nümayiş olunan Azərbaycan miniatürləri, Azərbaycanın görkəmli rəssamlarının sənət əsərləri, ölkəmizin füsunkar təbiətini əks etdirən tablolar və əl işləri nümayiş olunub. Qalereyanın dərnək üzvlərinin vətənpərvərlik, Azərbaycan tarixi, bayrağımız, tarixi qəhrəmanlarımız, Qarabağ, multikultural dəyərlər və ölkəmizin füsunkar təbiətini özündə əks etdirən əl işləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.


Açar sözlər: ,  ,