09.03.2018

Qazaxda Beynəlxalq Qadınlar Günü qeyd olunub

Qazax rayon İcra Hakimiyyətində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlarla görüş keçirilib. Tədbirdə məktəb direktorları, müəllimlər, bağça müdirləri, rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən qadınlar iştirak edib. 

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq bu əlamətdar gün münasibətilə bütün qadınları təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. Azərbaycan xanımlarının həmişə sədaqət, təmkin, ailəsinin qayğısına qalan fədakar, nəcib qadın mücəssəməsi olduğunu söyləyib. İcra Başçısı qeyd edib ki, Azərbaycanda dünyanın bir çox ölkələrindən əvvəl qadınların seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət sahələrində və digər sahələrdə qazandıqları uğurlar Azərbaycan qadınının mənəvi-mədəni və intellektual potensialından, qəhrəmanlıq dolu tarixi keçmişindən xəbər verir.

Bildirib ki, elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazanılan uğurlarda qadınlarımızın xidmətləri əvəzsizdir. Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanın imzalanması bu qayğının bariz nümunəsidir. 

Bu ənənələrə sadiq qalan Prezident İlham Əliyev tərəfindən dövlət qadın siyasətinin qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri, nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, cəmiyyətdə qadınların rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.

İcra Başçısı Rəcəb Babaşov çıxışı zamanı rayonun ictimai-siyasi həyatında mühüm nailiyyətlərin əldə edilməsində qazaxlı qadınların da böyük əməyinin olduğunu bildirib, onların üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməsini və cəmiyyətdə fəal mövqe tutmasını yüksək qiymətləndirib.

Sonra İcra Başçısı Rəcəb Babaşov Respublika Prezidenti İlham Əliyevin 1 mart 2018-ci il tarixli Sərəncamı ilə Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin direktoru Səfurə Rəhimovanı “Tərəqqi” medalı ilə təltif edilməsi münasibətilə səmimi qəlbdən təbrik edərək medalı təqdim edib.

S.Rəhimova çıxış edərək Ölkə Başçısı tərəfindən ona təqdim edilən medalın əməyinə verilən ən yüksək qiymət olduğunu qeyd edib. Öz adından və ailəsi adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib. 

Tədbirdə çıxış edənlər rayonda apardığı tikinti-qurucluq işlərinə, bayram münasibətilə belə yüksək səviyyəli görüş təşkil etdirdiyinə görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün rayon qadınları adından öz dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına Qazax rayon İcra Hakimiyyəti Başçısınn Fəxri Fərmanı, qiymətli hədiyyələr və gül dəstələri təqdim edilib.