26.02.2018

Qazaxlı məktəblilər ekskursiyalarda fəal iştirak edirlər

Artıq bir neçə gündür ki, Qazax rayon Tarix-Diyarşunaslıq Muzeyi, eləcə də Qazax Dövlət Rəsm Qalereyası məktəblilərin sevimli məkanına çevrilib. Ənənə halını almış ekskursiyalara yenidən start verilib. Ümumtəhsil məktəblərinin VI, VII, VIII və IX siniflərində təhsil alan şagirdlər qrafik əsasında muzeydə və qalereyada olaraq rayonumuzun tarixini öyrənir, zəngin biliklər əldə edirlər. 

Muzeylə yanaşı olaraq məktəblilər rəsm qalereyasına da çox həvəslə gedirlər. Bu da səbəbsiz deyil. Şagirdlər burada nümayiş olunan Azərbaycan miniatürləri, Azərbaycanın görkəmli rəssamlarının sənət əsərləri, ölkəmizin füsunkar təbiətini əks etdirən tablolar və əl işləri, görkəmli alimlərin və şairlərin tabloları haqqında məlumatlar əldə edirlər. Şagirdlər burada vətənpərvərlik, Azərbaycan tarixi, bayrağımız, tarixi qəhrəmanlarımız, Qarabağ, multikultural dəyərlər və ölkəmizin füsunkar təbiətini özündə əks etdirən şəkillərlə tanış olurlar.

Artıq fevral ayının 14-dən başlayan ekskursiyalarda şəhər 1, 2, 3, 4, 5 saylı, məktəb-liseyin, eləcə də Kommuna, Quşçu Ayrım kənd tam, Qarapapaq, Barxudarlı, Fərəhli kənd ümumtəhsil məktəblərinin şagirdləri iştirak etmişdir. Bu günə kimi ümumtəhsil məktəblərinin 1193 şagirdi ekskursiyanın iştirakçısı olmuşdur.