21.02.2018

Xocalı soyqırımı məktəblilərin gözü ilə

Xocalı soyqırımının 26-cı ildönümnüə həsr olunmuş sərgi keçirilib. Qazax Dövlət Rəsm Qalereyasında təşkil olunmuş sərgidə Xocalı soyqırımını özündə əks etdirən 60 rəsm əsəri nümayiş olunub. Qalereyanın dərnək üzvlərinin, Uşaq Gənclər İnkişaf Mərkəzinin və rayonda təhsil alan orta məktəb şagirdlərinin əl işlərinin nümayiş olunduğu sərgidə soyqırım qurbanlarını əks etdirən rəsmlər yer alıb. 

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sərgidə iştirak etmək üçün Qazax Dövlət Rəsm Qalereyasına gəlib. Gənc rəssam Akif Əmirov rayon rəhbərliyinə məktəblilərin əl işlərindən ibarət olan sərgi barədə məlumat verib. 

İcra Başçısı Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd edərək məktəblilərin əl işləri ilə tanış olub. Bildirib ki, uşaqlar Xocalı faciəsini öz gözləri ilə görmədiklərinə baxmayaraq çəkdikləri rəsmlərdə faciəni canlandıra biliblər. Rəsmlərdə düşmənlərə nifrət və Xocalıya ədalət çox canlı şəkildə əks olunub. 

Tədbirin sonunda İcra Başçısı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktı kimi daxil olan Xocalı soyqırımının məktəblilərin rəsmlərində çox canlı və məzmunlu verildiyini qeyd edərək sərgidən razı qaldığını bildirib. 

Sərgidə Ombudsmanın Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov da iştirak edib.


Açar sözlər: ,  ,