02.02.2018

Qazaxda 2 fevral - Gənclər Günü qeyd olunub

Bu münasibətlə Qazax rayonunda 2 Fevral - Gənclər Günü ilə əlaqədar tədbir keçirilib. Gənclər Mərkəzində təşkil olunan tədbirdə idarə, müəssisə, təşkilat rəhbərləri, rayonda çalışan, təhsil alan fəal gənclər və tələbələr iştirak edib.

Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək heykəli önünə gül dəstələri qoyub və əziz xatirəsini böyük ehtiramla yad ediblər. Dövlət Himni səsləndikdən sonra rayonda gənclərlə bağlı görülmüş işləri özündə əks etdirən slayd nümayş olunub.
Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev tədbirdə çıxış edərək rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun adından gəncləri bayram münasibətilə təbrik edib, xoş və səmimi arzularını çatdırıb. Natiq Gənclər Gününün təsis olunmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulduğunu bildirib. Qeyd edib ki, 1996-cı il fevralın 2-də gənclərin 1-ci forumu keçirilib. 1997-ci ildən ümummilli liderin Sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.

Gənclər siyasətinin bu gün Ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, bu gün qazaxlı gənclərin də ölkənin, eləcə də rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak etdiklərini, ölkənin tərəqqisi naminə səylə çalışdıqlarını diqqətə çatdırıb.

Tədbirdə gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak edən, təhsil, səhiyyə, mədəniyyət sahəsində, rayonun ictimai-siyasi həyatında, hərbi xidmətdə və digər sahələrdə fərqlənən bir qrup gəncə Diplom və qiymətli hədiyyələr verilib.

Sonda tədbir çay süfrəsi ətrafında davam etdirilib.