11.11.2017

“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək rayon məktəbliləri ilə görüş keçirilib

Qazax Gənclər Mərkəzində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində 11-14 noyabr tarixlərində respublikamızın Lənkəran-Masallı-Astara bölgələrinə ekskursiyada iştirak edəcək rayon məktəbliləri ilə görüş keçirilib. Görüşdə idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb direktorları, ağsaqqallar, gənclər, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri, bələdiyyə sədrləri və icra nümayəndələri iştirak edib.

Dörd il ərzində ölkədə ildə iki dəfə olmaqla 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 7 tur-aksiya təşkil edilmişdir. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 13 min 648 məktəbli iştirak etmişdir. 

Bu il noyabrın 11-14 və 16-19 tarixlərini əhatə edəcək növbəti 8-ci tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3213 nəfər iştirak edəcək. Bununla da “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 17 minə yaxın olacaqdır. 

“Ölkəmizi tanıyaq” layihəsi hər il Qazax rayonunda da təntənəli şəkildə keçirilmişdir. Rayonumuzun məktəbliləri bu tədbirlərdə də öz nümunəvi iştirakları ilə fərqlənmişlər. Bu ilin mart ayında keçirilən tur-aksiyada məktəblilərimiz xüsusi fəallıq göstərmişlər. Tur-aksiya çərçivəsində Azərbaycan İntellektual Klublar Assosiasiyasının təşkilatçılığı ilə məktəblilər üçün layihənin bir hissəsi olan Nə? Harada? Nə zaman? başlığı altında intellektual oyun təşkil olunmuşdur. Mübarizə şəraitində keçən oyunda 40-dan çox komanda iştirak etmişdir. İntellektual oyunun nəticələrinə görə Qazax rayonunun məktəblilərindən ibarət komanda 1-ci yerə layiq görülmüş və qələbə kubokunu rayona gətirmişlər. Səfərdən qayıdan məktəblilər rayon İcra Hakimiyyətinin başçısı ilə görüşmüş, onlar qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Tur-aksiya iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Sonra RİHB Aparatında aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova, rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, M.Hüseyn adına məktəb-liseyin direktoru Tahirə Comərdova, Qaratel Hacımahmudova şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü, AYB Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair, Barat Vüsal, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin şöbə müdiri Elvira Əfəndiyeva, Yuxarı Salahlı kənd tam orta məktəbin XI sinif şagirdi, bu ilin mart ayında keçirilən tur-aksiyanın iştirakçısı Arzu İbrahimova, şəhər 2 saylı tam orta məktəbin X sinif şagirdi, hazırki tur-aksiyanın iştirakçısı Əfəndi Kərəm, valideynlərdən Hüseynbəyli kənd sakini Nuridə Osmanova və şəhər 4 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Aynurə Alıyeva çıxış edərək bildiriblər ki, bütün dünyada əvəzi olmayan, göz oxşayan gözəlliyə malik olan Azərbaycanımızı yaxından tanımaqda “Ölkəmizi tanıyaq” tur-aksiyasının böyük əhəmiyyəti vardır. Çıxış edənlər məktəblilər üçün yaradılan bu geniş imkana, bu cür maarifləndirici tur-aksiyanın təşkilinə görə Ölkə Başçısı İlham Əliyevə, rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. 

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq tur-aksiya iştirakçılarına müvəffəqiyyət və mənalı səfər arzulayıb. Məktəblilərin bu dəfə də uğurlu göstəricilər əldə edəcəklərinə əmin olduğunu bildirib.