10.11.2017

Qazaxda təhsil sahəsinə diqqət və qayğı daha da artır

Qazax rayonunda bütün sahələrlə yanaşı təhsil sahəsinə də daim diqqət və qayğı göstərilir. Təhsilin keyfiyyətinin artırılması və davamiyyətin yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. 2016-2017-ci tədris ilində işçi qrupunun gərgin zəhməti sayəsində bütün məktəblərdə şagirdlərin dərsə davamiyyəti yüksəlmiş, müəllimlərin keçdikləri dərslərin keyfiyyəti artmışdır. Təhsilə göstərilən qayğının nəticəsidir ki, rayonumuzda məzunların ali məktəblərə qəbul faizi də ilbəil artmaqdadır. 

2017-2018-ci tədris ilində qarşıya daha böyük vəzifələr qoyulub. Bu vəzifələri həyata keçirmək, daha yüksək nəticələr əldə etmək üçün rayonumuzda təhsil sahəsinə göstərilən diqqət, qayğı və tələbkarlıq daha da artıb. 

Bu məqsədlə bu gün Kosalar kəndində tədbir keçirilib. Tədbirdə rayon İcra Aparatının məsul işçiləri, rayon təhsil şöbəsinin rəhbərliyi və əməkdaşları, valideynlər, məktəbin müəllimləri, ağsaqqallar və kənd sakinləri iştirak edib.

Məktəbin direktor əvəzi Aybəniz Yusifova çıxış edərək bildirib ki, məktəbdə bir müddət əvvəl mövcud olan nöqsanlar tamamilə aradan qaldırılıb, şagirdlərin dərsə davamiyyəti artıb. İndi demək olar ki, məktəbdə dərsdən yayınan şagird yoxdur. Müəllim-valideyn və müəllim-şagird münasibətləri də normal hala düşüb. 
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Bərgah Nəsibov öz çıxışında son günlər məktəbdə təlim-tərbiyənin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb.