04.11.2017

Milli Qəhrəman Aqil Musayevin doğum günü qeyd olunub

Milli Qəhrəman Aqil Musayevin doğum günü qeyd olunub. Şəhidlər Xiyabanında keçirilən tədbirdə rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, Milli Qəhrəmanın doğulduğu Aşağı Əskipara kənd sakinləri, RİHB-nın İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Ehtiyatda olan zabitlər” Konfederasiyasının rayon şöbəsinin əməkdaşları, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvləri, KİV nümayəndələri iştirak edib.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə iştirak etmək üçün Şəhidlər Xiyabanına gəlib.

Aqil Musayevin ruhuna dua oxunduqdan sonra Xiyabandakı şəkli əks olunmuş lövhə önünə gül dəstələri qoyulub, əziz xatirəsi yad edilib.
Sonra Aşağı Əskipara kənd tam orta məktəbin şagirdləri Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər.

Sonda Milli Qəhrəmanın atası Hüseyn Musayev çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı İlham Əliyev cənablarına şəhid ailələri adından, öz adından dərin minnətdarlığını bildirib.