04.10.2017

Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinə yekun vurulub

Sentyabr 28-də Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin yekunu ilə bağlı brifinq keçirilib.

Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev qeyd edib ki, müsabiqə dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilib. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə 78, fərdi kateqoriya üzrə isə 213 layihə təklifi daxil olub.

Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 37, fərdi kateqoriya üzrə 83 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Barələrində müsbət qərar qəbul olunmuş 120 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.

Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. Müsabiqə müasir tələblər baxımından məktəbdaxili rəhbərlik və nəzarətin təkmilləşdirilməsi, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəb-icma (valideyn) münasibətlərinin təşəkkülü və inkişaf etdirilməsi, keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması, istedadlı uşaqlarla işin təşkili və ümumilikdə 10 mövzu üzrə keçirilib

Müsabiqədə Qazax RTŞ-nın müəllimləri Xəlilova Söylü (Daş Salahlı kənd 1 saylı tam orta  məktəb),  Xasməmmədova Tahirə (Qazax şəhər 3 saylı tam orta  məktəb),  Məhərrəmova Şəlalə (Qazax şəhər 3 saylı tam orta  məktəb) iştirak etmişdir.

Məhərrəmova Şəlalə -  “Psixo-pedaqoji maarifləndirmə xidməti”, Xasməmmədova Tahirə - “İngilis dilində danışıq və sinifdənxaric oxu klubu”, Xəlilova Söylü -  “Fransız dili danışıq klubu” adlı lahiyələri fərdi kateqoriya üzrə müsabiqə çərçivəsində qalib gəlmişdir


Açar sözlər: