15.09.2017

Qazaxda Bilik Günü qeyd olunub

Respublika Prezidentinin 21 avqust 2004-cü il tarixli 114 saylı fərmanı ilə 15 sentyabr Azərbaycanın bütün təhsil müəssisələrində Bilik Günü kimi qeyd olunur.
 

Respublikanın hər yerində olduğu kimi Qazax məktəblərində də 15 sentyabr Bilik Günü yüksək səviyyədə qeyd olunub. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatları Kamran Nəbizadə, Ülviyyə Ağayeva, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, RİHB aparatının məsul işçiləri və KİV nümayəndələri məktəbliləri təbrik etmək üçün rayonun ümumtəhsil məktəblərində olublar.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək 15 sentyabr Bilik Günü münasibətilə müəllim və şagirdləri, valideynləri səmimi qəlbdən təbrik edib, Respublika Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə yaradılmış yüksək şəraitdən danışıb. Qeyd edib ki, cənab Prezidentin göstərişinə əsasən respubliklamızın bütün bölgələrində yeni məktəb binaları tikilir, müəllim və şagirdlərin təlim-tədris şəraiti daha da yaxşılaşdırılır. Yaradılmış bu yüksək şərait böyüməkdə olan gənc nəslin elmin sirlərinə daha dərindən yiyələnməsinə, gənc nəslin savadlı və bacarıqlı olmasına imkan yaradır. Bu gün ali məktəblərə qəbul zamanı istər şəhər, istərsə də kənd məktəblərindən olan məzunların yüksək bilik nümayiş etdirməsi bu diqqət və qayğının əyani şəkildə göstəricisidir. 

Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagirdləri, valideynləri təbrik edərək onlara gələcək dərslərində uğurlar arzulayıblar. 

Rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova, təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı müəllim və şagirdləri təbrik edərək yeni dərs ilinin başlanması münasibətilə ən səmimi arzularını bildiriblər.

Şagirdlər Vətənə, şəhidlərə və müstəqilliyimizə həsr olunmuş şeirlər oxuyublar.