15.09.2017

Qazax rayon ümumtəhsil məktəblərində şagirdlərin vətənpərvərlik duyğularını, mübarizə əzmini artırmaq üçün yeni ənənənin bünövrəsi qoyulub.

Müharibə şəraitində yaşayırıq, torpaqlarımızın bir hissəsi işğal altındadır. Belə bir şəraitdə vətənpərvərlik tərbiyəsi ilə əlaqədar keçirilən hər bir tədbir təqdirəlayiqdir və xüsusi əhəmiyyət daşıyır.

Bu gün yeni dərs ili ərəfəsində rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təşəbbüsü, rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Qazaxda yeni bir ənənənin bünövrəsi qoyulub. Belə  ki, hər il “Bilik günü” ərəfəsində məktəblilər Şəhidlər Xiyabanını ziyarət etsinlər. Məqsəd böyüməkdə olan gənc nəsildə milli vətənpərvərlik ruhunu daha da inkişaf etdirmək, məktəblilərin mübariz ruhda tərbiyə olunmasını təmin etməkdir. 

Mənfur düşmənlə 168 km sərhəddə yerləşən Qazax rayonu Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi başlayandan bəri 283 şəhid verib. Onlardan 5 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 

Yeni dərs ili ərəfəsində məktəblilərin şəhidləri yad etməsi məktəblilər, onların valideynləri, şəhid ailələri, müəllimlər, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri tərəfindən yüksək qiymətləndirilib. Qazaxda bu gün yeni bir ənənənin əsası qoyulub. 

Məlumat üçün qeyd edim ki, Qazaxda 31 məktəb şəhid adını daşıyır.