09.09.2017

Qazax rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilimişdir

Gənclər Mərkəzinin akt zalında keçirilən konfransda Təhsil Nazirliyinin baş məsləhətçisi İsaq Məmmədov, 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Emin Əliyev, təhsil sahəsində çalışan qabaqcıl müəllimlər, məktəb direktorları, KİV nümayəndələri iştirak ediblər.
 

Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini böyük ehtiramla yad ediblər. 

           Dövlət Himni səsləndikdən sonra Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov konfransın gündəliyi barədə tədbir iştirakçılarına məlumat verib və çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə bütün təhsil işçilərini təbrik edib.

Rayon təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı geniş hesabat məruzəsi ilə çıxış edərək 2016-2017-ci tədris ilində qazanılan uğurlardan, həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, ötən tədris ilində əldə edilən uğurların bünövrəsində rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun təhsilə göstərdiyi diqqət və qayğı dayanır. Rayon rəhbərliyinin təşəbbüsü ilə yaradılmış işçi qrupunun fəaliyyəti isə təqdirəlayiqdir. İşçi qrupunun gərgin zəhməti sayəsində bütün məktəblərdə şagirdlərin dərsə davamiyyəti yüksəlmiş, müəllimlərin keçdikləri dərslərin keyfiyyəti artmışdır. Təhsilə göstərilən qayğının nəticəsidir ki, rayonumuzda məzunların ali məktəblərə qəbul faizi də ilbəil artmaqdadır. 2016-2017-cı tədris ilində 777 nəfər məzun olmuşdur ki, onlardan 432 nəfər ali məktəblərə sənəd vermiş və sevindirici haldır ki 264 məzun ali məktəblərə qəbul olmuşlar. Bunlardan 58 məzun 500-dən, 14 məzun isə 600-dən çox bal toplayıblar. 

 Məruzə ətrafında çıxışlar olub.

Təhsil Nazirliyinin baş məsləhətçisi İsaq Məmmədov çıxış edərək təhsilin indiki vəziyyətini təhlil edib, təhsildəki yeniliklərdən, aparılan islahatlardan ətraflı söz açıb. 
Sonra konfransın qərar layihəsi oxunub və səsə qoyularaq yekdilliklə qəbul edilib. Rayon təhsil şöbəsi şurasının tərkibi oxunub. 

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunub.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov konfransa yekun vuraraq qarşıda duran vəzifələrdən danışıb, yeni dərs ilinin başlanması münasibətilə müəllimləri bir daha səmimi qəlbdən təbrik edərək gələcək işlərində uğurlar arzulayıb.


Açar sözlər: